12 dekabr 1951-ci ildə anadan olan Fərhad Cəfərqulu oğlu Cəfərquliyev orta təhsilini Mərdəkan qəsəbəsindəki 183 saylı məktəbdə almışdı. 1969-1975-ci illərdə isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsilini davam etdirmişdi.O, əvvəlcə qrup nümayəndəsi, sonra fakültə, daha sonra isə institut komsomol komitəsinin birinci katibi seçilmişdi.
     1975-ci ilin avqust ayından 1976-cı ilin iyul ayınadək Bakı şəhər təcili tibbi yardım xəstəxanasında cərrahiyyə üzrə internatura keçən F.Cəfərquliyev sonrakı əmək fəaliyyətini Rusiyada davam etdirmişdi. O, 1976-cı ildən 1979-cu ilədək Voronej vilayətinin Xoxolsk rayon xəstəxanasında cərrah onkoloq işləmişdi. 1977-ci ilin avqust-dekabr aylarında M.Qorki adına Zaporojye Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda onkoloğiya üzrə kursda olmuşdu.
     F.Cəfərquliyev 1979-cu ildə Azərbaycan Respublikasına qayıdaraq Bakının “Qaranquş” sanatoriyasında şöbə müdiri, daha sonra Azərbaycan SSR Səhiyyə nazirliyinin Müalicə-profilaktika yardımı baş idarəsində həkim-inspektor vəzifələrində çalışmışdı. 1983-cü il iyulun 14-də Mingəçevir şəhər səhiyyə şöbəsinə müdir təyin edilən Fərhad Cəfərqulu oğlu Cəfərquliyev təşkilatçılıq qabiliyyətinə və bacarığına görə 6 il sonra, yəni 1989-cu il fevralın 9-da Naxçıvan MSSR-nın Səhiyyə naziri vəzifəsinə irəli çəkilmişdi. O, 1992-ci il sentyabr ayının 12-dək bu vəzifədə çalışaraq Muxtar respublikanın səhiyyə sisteminin daha da təkmilləşdirilməsi və inkişafı üçün böyük işlər görmüşdü. Görülən işlər nəticəsində Naxçıvan MSSR-nin tibb müəssisələrinin şəbəkəsi xeyli genişlənmişdi. Azərbaycanla əlaqələrin kəsildiyi bir vaxtda muxtar respublikada yeni səhiyyə ocaqlarının açılmasına çalışan F.Cəfərquliyev bu işə bütün enerjisini, təşkilatçılıq bacarığını sərf etmişdi. Bu müddətdə Naxçıvan şəhərində istifadəyə verilən Diaqnostika və reabilitasiya mərkəzi, 180 çarpayılıq doğum, 80 çarpayılıq  yoluxucu xəstəliklər mərkəzləri, ana və uşaq reabilitasiya və təcili tibbi yardım mərkəzləri onun bitibtükənmək bilməyən ideyalarının bəhrəsidi. F.Cəfərquliyev Səhiyyə naziri işlədiyi müddətdə Muxtar Respublikada bir neçə kənd sahə xəstəxanasının, həkim ambulatoriyasının, feldşer-mama məntəqələrinin açılmasına nail olmuşdu. Onun təşəbbüsü ilə naxçıvanlıların erməni quldurları ilə üzbəüz gəldikləri günlərdə sərhəd kəndləri, eləcə də rayon mərkəzində yerləşən tibb ocaqları ilə birbaşa əlaqə yaratmaq məqsədi daşıyan stasionar və mobil tipli 236 ədəd “Anqara-1” radio­stansiyaları alınmışdı.
     F.Cəfərquliyev o ağır illərdə hər bir çətin situasiyadan uğurla çıxmaq bacarığı və səhiyyə sistemində gördüyü işlərə görə həm naxçıvanlılara mənəvi dayaq olmuş,həm də o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ulu öndərimiz Heydər Əliyevin tapşırıq və göstərişlərini layiqincə yerinə yetirmişdi. Nankor qonşularımızın  1992-cı ilin may ayında Şərur rayonuna kimyəvi silah tətbiq etməsi faktı Səhiyyə Nazirliyinin bilavasitə rəhbərliyi altında ilk dəfə Naxçıvan MR-nin Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən təsdiqini tapmış, bu məlumat dünyanın bir neçə beynəlxalq təşkilatına və kütləvi informasiya vasitələrinə çatdırılmışdı.
    F.Cəfərquliyev həkimlik fəaliyyətindən əlavə ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak etmişdi. Mingəçevirdə səhiyyə şöbəsinin müdiri işləyərkən XDS-nin deputatı seçilməsi, Naxçıvanın səhiyyə naziri olarkən erməni təcavüzünə məruz qalmış Muxtar Respublikada tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaq üçün “Sağlamlıq-2000” proqramı çərçivəsində gördüyü işlər buna sübutdu. Onun səhiyyə sahəsindəki xidmətləri 1986-cı ildə “Şərəf nişanı” ordeni, 1987-ci ildə “I dərəcəli səhiyyə təşkilatçısı”, daha sonra isə “SSRİ səhiyyə əlaçısı” nişanı və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin medalı ilə mükafatlandırılmışdı.
    1991-ci ildə tibb elmləri namizədi adını alan F.Cəfərquliyev 30-a yaxın elmi məqalənin, bir neçə metodik tövsiyənin  müəllifi idi. F.Cəfərquliyev doktorluq dissertasiyası üçün hazırladığı materialları Elmi Şuraya təqdim etmiş, lakin qəfil ölüm onun bu işini yarıda qoymuşdu. Doktor Cəfərquliyev tibbin ən son nailiyyətlərini öz həkimlik təcrübəsində ilk tətbiq edənlərdən idi. O, həmişə elmlə təcrübəni əlaqələndirir və öz həkim yoldaşlarını da buna sövq edirdi. Onun rəhbərliyi ilə klinikada hər həftə müxtəlif mövzularda elmi-praktik-tədris konfransı keçirilməyə və klinikanın aylıq “Hepar” jurnalı nəşr olunmağa başlamışdı. Naxçıvanlıların erməni işğalına qarşı mübarizəsinə həsr olunmuş “Faciəli faktla üz-üzə” və qeyri-ənənəvi müalicə üsullarından bəhs edən “Eliksir və metabolizm” ,“Biblioterapiyanın əsasları”  və “Labirint” kitabları onun elmi, tibbi və bədii düşüncələrinin məhsulu idi. Dünyanın bir çox ölkəsində keçirilmiş tibbi elmi-praktik konfranslarda iştirak edən F.Cəfərquliyev uğurlu çıxışları ilə xarici həmkarlarında böyük maraq oyatmışdı. 2006-cı ilin aprel ayında İspaniyanın Tenerife şəhərində “Tibbdə reabilitasiya və immunoreabilitasiya” mövzusunda keçirilən XI Beynəlxalq konqresə təqdim edilən 600-ə yaxın elmi məruzə içərisində F.Cəfərquliyevin çıxışı öz aktuallığına görə daha çox diqqət çəkmiş və qızğın  müzakirəyə səbəb olmuşdu. Elə həmin ərəfədə İsveçrənin Sürix şəhərində Beynəlxalq “Actualidad” təşkilatının elmin, sənayenin, mədəniyyətin, tibbin və s. sahələrin lider təşkilatlarını müəyyənləşdirən təqdimetmə mərasimi keçirilirdi. Tibb elmləri namizədi F.Cəfərquliyevin simasında onun çalışdığı “Ömür” klinikası 2006-cı ilin ən prestijli və keyfiyyətli təşkilatı adına layiq görülmüşdü. Bütün kollektiv bu uğura sevinirdi. F.Cəfərquliyev  2003-cü ildə “Ömür” klinikasının təməlini qoyulandan həyatının sonuna qədər öz dəyərli məsləhətlərini, təşkilatçılıq bacarığını və həkimlik təcrübəsini klinikanın rəhbərliyindən və kollektivindən əsirgəməmişdi. O, klinikanın respublikamızın sərhədlərindən kənarda da tanınması üçün çalışırdı. Onun hazırladığı “Ömür eliksiri” yüzlərlə xəstəyə şəfa vermişdi. O, xəstələrin nazı ilə oynamağı bacarırdı. Çalışırdı ki, sağalmaq ümidi ilə “Ömür” klinikasına pənah gətirən insanların heç biri buradan naümid qayıtmasın. İnsanların ömrünə ömür calamaqdan zövq alırdı. Çünki öz peşəsini sevirdi.
     Allah ona rəhmət eləsin, qəbri nurla dolsun.

“Ömür” klinikasının kollektivi


Fərhad Cəfərquliyev onu tanıyanların xatirəsində :

Hamı ona sadəcə, “ doktor” deyirdi...

Qəribə sirrləri var dünyanın... Tanrının “Ol!”
deyib   yaratdığı bəndəsi ömrü boyu “ olum”la  “ölüm” arasında çırpınır.

Həyat onun üçün mübarizə idi. Haqqın nahaqla, qələbənin məğlubiyyətlə, xeyirin şərlə  mübarizəsi. Həyatda qazandığı hər bir uğura çətinliklərə sinə gərərək nail olmuşdu. Ona görə çəkdiyi  əziyyətlərin uğurla bitən nəticəsi onun üçün qiymətli idi. Nəyəsə nail olandan sonra da həyatla mübarizəni davam etdirirdi. Bu dəfə uğurlarını qoruyub saxlamaq üçün mübarizə aparırdı: onu başa düşüb qiymətləndirməyən şeytan qəlbli insanlarla, uğurlarına sevinməyən xəbislərlə, yolunda maneəyə çevrilmək istəyənlərlə...  Əqidəsi, amalı, məsləki, haqqı uğrunda mübarizə aparmaqdan yorulmurdu. Ona görə də məğlubiyyətlə tez barışıb geri çəkilən insanları sevmirdi.Onun üçün alınmayan iş, keşilməyən hədd və nəhayət, ”yox” sözü yox idi. Xaraktercə mürəkkəb insan idi. Sərt və qaşqabaqlı olduğu qədər, mülayim və zarafatcıl olmağı da bacarırdı.
Bəli, məhz “ bacarırdı”. Çünki tələbkarlığın, sərt davranmağın , güzəştə getməyin, əhvalı xoş olanda dost-tanışla zarafat etməyin yerini bilirdi.  Çox nadir hallarda güzəştə gedirdi. Xəyanəti, yalanı, ədalətsizliyi bağışlamırdı. Sadəcə, bağışlaya bilmirdi. 55 illik ömründə həyatın hər üzünü görmüşdü: yaxşısını da, pisini də.Çətin sınaqlardan çıxmışdı.Qarşılaşdığı keşməkeşlər müqabilində Tanrı ona  müdriklik və insanları tanımaq qabiliyyəti bəxş etmişdi .İlk baxışdan, ilk təəssüratdan insanın “ qiymətini” verirdi və yanılmırdı. Hamı ona adıyla deyil, sadəcə, “doktor” deyə müraciət edirdi. Ömrünün son günlərinə qədər işlədiyi “Ömür” klinikasında 100-dən çox doktor vardı. Amma “doktor” deyiləndə hamı bilirdi ki, söhbət başqa doktordan yox, məhz Fərhad həkimdən gedir. Onu tanıyanların orta məktəb və  tələbə yoldaşlarının, həmkarlarının, dost-tanışlarının, əzizlərinin yaddaşında belə qalıb Fərhad Cəfərqulu oğlu Cəfərquliyev.

    Gülnara Sultan qızı ,“Ömür” klinikasının direktoru, ali dərəcəli həkim-ginekoloq
Onun ölümü mənə həmişə bu sözləri xatırladır: “Bizim dost itirən vaxtımız deyildi”... İnsanın özünə əsil dost qazanması nə qədər çətin olsa da, onu itirmək daha ağırdır, özü də sənə arxa, dayaq olan, hər çətinliyində dəyərli məsləhətləri ilə köməyinə çatan bir dost itirəsən.Fərhad Cəfərquluyev səhiyyənin təşkili işində zəngin təcrübəyə, iti ağıla, geniş dünyagörüşünə malik bir insan idi. 10-15 il sonrakı hadisələri düzgün təhlil edə bilir və dəqiq proqnozlar verirdi. Azərbaycanın səhiyyə sistemindəki boşluqlar onu düşündürür, narahat edir və bu problemlərin həlli üçün yeni-yeni ideyalar tapırdı. Ən böyük arzusu o idi ki, ölkəmizdə səhiyyə xidməti Avropa ölkələri ilə rəqabətə girəcək bir səviyyədə olsun. Dünyanın bir çox ölkəsini gəzib dolaşmışdı. Harada yaxşı nə görürdüsə, nəinki onun alternativini, hətta ondan da yaxşısını Azərbaycanda yaratmaq istəyirdi. İş elə gətirdi ki, “Ömür” klinikasının yaradılmasında Fərhad Cəfərquluyevin bu xüsusiyyətləri mənə çox kömək etdi. Onun təşkilatçılıq təcrübəsi sayəsində klinikaya ən peşəkar həkim və mütəxəssislər cəlb olundu. “Ömür” klinikasının inkişaf edib bugünkü səviyyəyə çatması üçün rəhbərliklə bərabər çox əziyyət çəkdi. Hər bir uğurumuza uşaq kimi sevinirdi. Bir çətinliyimiz, ya da işçilərdən kiminsə problemli olanda, Fərhad doktor günlərlə özünə yer tapa bilmirdi. Bu insanda sərtliklə həlimlik bir-biri ilə balans yaradırdı. Işdə nə qədər ciddi və sərt idisə, dos­larının əhatəsində, toy-düyündə bir o qədər mehriban, zarafatçıl və deyib-gülən idi. Xətrini istədiyi adamlarla zarafat eləməyi çox xoşlayardı. Heç kim də bu zarafatlardan inciməzdi. Bilirdik ki, Fərhad doktorun zarafatlarının arxasında yalnız səmimiyyət dayanır.Onun iş gününün sonu yox idi.
Saatlarla, özü də çox gərgin işləyərdi. Klinikanın bütün işçilərini də bu cür iş rejiminə öyrətmişdi. Dostları onun səhhəti üçün narahat olub az dincəldiyini irad tutanda zarafatla deyərdi: “Narahat olmayın, o dünyada dincələcəyik.” Hər hansı bir işə başlayanda onu axıra çatdırmaq üçün çox tələsirdi. Elə bil hiss etmişdi ki, ideyalarının, arzularının hamısını həyata keçirməyə ömrü vəfa etməyəcək. Arzuları isə bitib-tükənmək bilmirdi.
F. Cəfərquluyev “Ömür” klinikasında özündən sonra bir məktəb qoyub getdi: öz peşəsinə məsuliyyətli və ciddi yanaşmaq məktəbi, pasientlərlə səmimi ünsiyyət qurmaq məktəbi, qeyri-ənənəvi müalicə üsuluna önəm vermək, tibb elmini praktika ilə əlaqələndirmək məktəbi, insanlara çətin gündə arxa-dayaq olmaq məktəbi... Ən nəhayət, Fərhad Cəfərquluyev Azərbaycanın özəl səhiyyə sistemində inteqrasiya edən təbabətin əsasını qoydu. Elə müdafiəsinə hazırlaşdığı doktorluq işi də bu mövzuda idi. Bu gün Fərhad doktor cismən aramı­da yoxdur. Lakin biz dostları və iş yoldaşları onunla təsəlli tapırıq ki, öz peşəsinin ası sayılan bu gözəl insan  Tanrının ona ayırdığı 55 ildə bir ömrə sığışmayan işlər gördü. Və nə yaxşı ki, bu gün onun sağlamlığını və şəxsi həyatını belə qurban verdiyi işlərini davam etdirən yetirmələri var.

Nizami Mustafayev, orta məktəb və institut yoldaşı

50 ilə yaxın bir müddətdə tanıdığım, əvvəl orta məktəbdə, sonralar institutda  bir yerdə təhsil aldığım, əziz dostumun yoxluğuna inana bilmirəm. Mənə  elə gəlir ki, o, uzaq bir səfərə gedib və mütləq qayıdacaq. Elə bil Ulu Tanrı ona başqalarına xas olmayan bir qeyri-adilik vermişdi. Bu qeyri-adilik hələ orta məktəb illərində uşaq və yeniyetməlik dövrlərində, institutda oxuduğu gənclik illərində özünü göstərirdi.
Fərhad başqalarından yüksək təşkilatçılıq qabiliyyəti, ağıllı, məntiqli nitqi, nümunəvi davranışı, parlaq zəkası, səmimi dostluğu ilə seçilirdi. 
Müəllimlər onu çox sevir, qiymətləndirir, başqa şagirdlərə nümunə göstərir və  bu ifadəni tez-tez işlədirdilər: “Fərhadın gələcəyi parlaqdır”. Məktəb illərində o, yüksək analitik qabiliyyətinə görə hadisələri qabaqlamağa çalışır və çox vaxt buna nail olurdu.
Məktəbdəki ictimai tədbirlərin çoxu bilavasitə onun rəhbərliyi ilə həyata keçirilirdi. Çox təvazökar idi. Onu tərifləyəndə başını aşağı salar, şirin-şirin, xəfif bir təbəssümlə gülümsəyərdi.  Biz özümüzü onun yanında sözün əsil mənasında həmişə kiçik hesab edirdik. O isə elə bil uzun həyat yolu keçmiş yetkin bir insan idi. İndi düşünüb belə qənaətə gəlirəm ki, Fərhad bütün hadisələri, illəri, zamanı qabaqlamaqla bərabər elə bil vaxtsız ölümü də qabaqladı...
Sinifdə 4 nəfər lap yaxın dost idik: Fərhad, Zahid, Mərdan və mən. Daima rayon, respublika olimpiadalarında iştirak edər və məktəbə qalib kimi qayıdardıq. Fərhad yanımızda olanda ürəkli olurduq, elə bil arxamızda dağ vardı.
Orta məktəbi bitirəndən sonra Fərhadla mən 1969-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunduq.
         Fərhad Cəfərquliyevin yüksək təşkilatçılıq qabiliyyəti tezliklə institutda da üzə çıxdı. O, əvvəlcə qrup nümayəndəsi, sonra fakültə, daha sonra isə institut komsomol komitəsinin  katibi seçildi. İnstitut komsomol komitəsinin təşkil etdiyi hesabat yığıncaqları və konfranslar həmişə öz aktuallığı  ilə seçilir, Fərhadın çıxışları isə orijinallığına görə fərqlənirdi. Bu çıxışlar insanı yenilyə, quruculuğa səsləyirdi. Burada tədrisin keyfiyyətindən tutmuş, tələbələrin dərsə davamiyyəti, nizam-intizam, davranış normaları, tələbə elmi cəmiyyətinin fəaliyyəti və s. məsələlər ciddi müzakirə edilirdi. İnstitutda Fərhad böyük nüfuz, hörmət sahibi idi. O, imkansız tələbələrlə daim maraqlanır, onların sosial problemlərini həll etməyə çalışır, tələbə yataqxanasında yerləşdirilməsinə kömək edir, qayğılarına qalırdı.
Fərhad sonralar bir sıra rəhbər vəzifələrdə işləyəndə də yüzlərlə, minlərlə adam ondan bu qayğını, bu insani keyfiyyətləri əyani şəkildə görmüşdü.
Onun orijinal ideyayaları tükənməz idi, bulaq kimi çağlayırdı. Novator idi, qurmaq, yaratmaq həvəsi onu bir an rahat qoymurdu. Özünə bir gün, bir saat, bir dəqiqə də dinclik vermədi.
Vəfatından iki gün əvvəl bir az söhbət etməyə macal tapdıq. Köhnə xatirələri, məktəb, institut illərini yada saldıq. Dedi ki, çox arzularım, planlarım var. Xalq üçün, millət üçün bundan sonra çox şeylər eləməliyəm. Bu, çiynimdə ağır yükdür. Bu yükü çəkməliyəm. Qismət ilahidəndir…
Nə yazıqlar ki, onun böyük ürəyi vəfasızlıq elədi, bu yükün ağırlığına tab gətirə bilmədi. O, çox az - 55 il, lakin böyük və mənalı bir ömür yaşadı. Öz “Ömür”ü ilə yüzlərlə, minlərlə ömrə şəfa verdi, can verdi ki, bu ömürlər uzun olsun və onun əziz xatirəsini əbədi yaşatsınlar.

     Qüdrət Vəliyev, “Ömür” klinikasının baş həkimi

Biz Fərhadla 31 il idi ki, dostluq edirdik. Onun həyatdan getməsi məni həmişə təsirləndirir.. O, çox bacarıqlı, işgüzar, özünə və hamıya qarşı tələbkar, mehriban, qayğıkeş bir dost idi.
F. Cəfərquliyev 1983-cü ildə Mingəçevir şəhər Səhiyyə şöbəsinə müdir təyin olunanda (o vaxt mən şəhər poliklinikasında baş həkim işləyirdim) sevincimin həddi-hüdudu yox idi. O qısa müddət ərzində Mingəçevirdəki bütün tibb müəssisələrinin problemlərini öyrənib onların həlli üçün yollar axtarıb tapdı. Az vaxtda burada müasir xəstəxananın təməli qoyuldu, yeni uşaq məsləhətxanası, doğum evi, poliklinika, diaqnostika mərkəzi, uşaq sanatoriyası və s. tibb ocaqları tikildi. Tezliklə bu müəssisələr müasir  tibb avadanlıqları ilə təchiz olundu. Bütün bu işlərin görülməsində çiyin-çiyinə çalışmışıq. Fərhad şəhərin perspektivli həkim və tibb işçilərini keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə ixtisasartırma və təkmilləşdirmə kurslarına göndərdi. O həmişə savadlı, peşəkar tibbi kadrlara üstünlük verir, onları məsuliyyətli vəzifələrə irəli çəkirdi.
F. Cəfərquliyev harada işləyibsə oranı abadlaşdırmaqdan, qurub yaratmaqdan zövq alıb. 1983-cü ildə Respublikada ilk şahmat məktəbi onun təşəbbüsü ilə Mingəçevirdə tikildi. Səhiyyə sistemində idmanın, özfəaliyyət dərnəklərinin inkişafına geniş şərait yaratdı. Mingəçevir şəhər xəstə­xa­na­sının 50 hektardan çox həyətyanı sahəsinin yaşıllaşdırılması da onun təşəbbüsü və əməyi sayəsində olub.
İnsanlarla mehriban ünsiyyət qurmaq, köməyə ehtiyacı olanlara əl tutmaq Fərhad həkimin əsl xarakterini açan xüsusiyyətlərdən idi. Şəhərin müharibə və əmək veteranları ilə səhiyyə işçilərinin tez-tez görüşlərini keçirər, onların problemləri ilə maraqlanar, ehtiyacı olanlardan bir həkim kimi qayğısını əsirgəməzdi.
SSRİ məkanındakı həmkarları ilə iş birliyinə üstünlük verdiyindən şəhərimiz həmişə qonaqlı-qaralı olurdu. Belə işgüzar görüşlər onunla nəticələnirdi ki, Fərhad həkim şəhər səhiyyəsinə müasir tipli avadanlıqların gətirilməsinə nail olurdu. Hər işdə yeniliyin  tərəfdarı idi. Xalq üçün yaxşı bir iş görmək lazım olanda həmişə öndə gedirdi. Fərhad Cəfərquliyevin Mingəçevir XDS-nə deputat seçilməsi ona yeni-yeni ideyalarını gerçəkləşdirmək üçün təkan verdi. Şəhərin abadlaşdırılmasında, inkişafında gördüyü işlərin müqabilində tezliklə yerli camaatın hörmətini, rəğbətini qazandı. O öz kadrlarını işinə görə qiymətləndirən insan idi. 1986-cı ildə şəhərin bir qrup həkiminə, eləcə də mənə “SSRİ Səhiyyə əlaçısı” adı verilməsi onun diqqətinin təzahürü idi. Fərhad Cəfərquliyevin təşkilatçılığı, kadrlara münasibəti, biliyi və təcrübəsi onunla işləyənlər üçün bir məktəb idi. Belə insanın rəhbərliyi altında işlədiyimiz üçün fəxr duyurduq.
Mingəçevir şəhər Səhiyyə şöbəsinin yaxşı sorağı qısa müddət ərzində paytaxta - Moskvaya da çatmışdı. 1986-cı ildə SSRİ Səhiyyə Nazirliyinin  dəvəti ilə dünyanın 40 ölkəsinin Səhiyyə nazirləri 3 gün Mingəçevirdə qonaq olmuş, şəhərin Səhiyyə sis­temindəki yeniliklər onları heyrətə gətirmişdi. Bir həftə sonra isə Azərbaycan Səhiyyə Nazirliyinin göstərişi ilə respublikamızın bütün səhiyyə ocaqlarının baş həkimləri Mingəçevir xəstəxanalarındakı yüksək tibbi xidmətlə tanış olub bu praktikanı öz iş yerlərində tətbiq etmək üçün şəhərimizə qonaq gəldilər. Mingəçevir Səhiyyə sistemi artıq təcrübə bazası rolunu oynamağa başlayırdı.
Fərhad mənim üçün ideal və əvəzsiz bir dost idi. 1989-cu ildə o Naxçıvan MSSR-ə Səhiyyə Naziri təyin ediləndə həm sevindik, həm də kədərləndik ki, belə bir işgüzar insandan, yaxın dostdan ayrılırıq. Həmin gün bir yerdə oturub xeyli söhbət etdik. Fərhad həkim məni də Naxçıvana işə dəvət etdi. Orada mənə Səhiyyə Nazirliyinin mü­alicə işləri üzrə inspektoru vəzifəsini tapşırdı. Qısa müddət ərzində Mingəçevirdə gördüyü yaxşı işləri Muxtar Respublikaya da tətbiq etdi. O vaxtlar Naxçıvan əhalisi blokada şəraitində yaşayırdı. Lakin buradakı ağır iqtisadi vəziyyət, qazın, işığın olma­ması, təkcə  MDB ölkələri ilə deyil, Bakı və başqa rayonlarla belə iqtisadi əlaqələrin qırılması bu insanın qurub yaratmaq həvəsinin qarşısına sədd çəkə bilmədi. O, Sə­hiy­yə Naziri işlədiyi 3 il ərzində Nax­çıvanda tibbi xidmətin inkişafı üçün ağlasığmayacaq dərəcədə yaxşı işlər gördü.
Mən əziz dostumdan müharibə şəraitində ayrıldım, cərrah-travmatoloq kimi cəbhəyə getdim. Nəhayət, 2003-cü ildə yollarımız yenidən birləşdi. Məni işlədiyi “Ömür” klinikasına baş həkim vəzifəsinə  məsləhət görmüşdü. Onunla bir kollektivdə çalışacağım üçün çox sevindim. Bilirdim ki, hər kadra ürək qızdırıb belə bir məsuliyyətli işi tapşırmaz. Bu vəzifəni mənə həvalə edibsə deməli, bir dost kimi ona lazımam.
Bu gün “Ömür” klinikasının uğurları göz qabağındadır. Klinikanın direktoru Gülnara Sultan qızı bu özəl tibb ocağının respublikanın səhiyyə sistemində yaxşı mənada fərqlənməsi üçün çox çalışıb.   Fərhad Cəfərquliyev bu yol­da bizə axıra qədər yoldaşlıq edə bilməsə də onun ruhu həmişə başımızın üstündədir. Inanıram ki, bundan sonrakı işlərimizdə də bu xeyirxah ruh hər vaxt yardımçımız olacaq.
Ruhun şad olsun, əziz qardaşım.

    
Tofiq Cəfərov, “Ömür” klinikasında baş həkimin müavini

Fərhad doktorun ömür payının bir hissəsi Naxçıvan Muxtar Pespublikası ilə bağlı idı. Naxçıvanın başının üstünü erməni təhlükəsi  aldığı bir vaxtda--1989-cu ildə Muxtar Respublikaya Səhiyyə naziri təyin olundu.  1992-ci il sentyabr ayının 12-dək bu vəzifədə çalışaraq səhiyyə sisteminin daha da təkmilləşdirilməsi və inkişafı üçün böyük işlər gördü.
Tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaq üçün “Sağlamlıq-2000” proqramı çərçivəsində görülən işlər nəticəsində Naxçıvan MSSR-nin tibb müəssisələrinin şəbəkəsi xeyli genişləndi. Azərbaycanla əlaqələrin kəsildiyi bir vaxtda muxtar respublikada yeni səhiyyə ocaqlarının açılmasına çalışan F.Cəfərquliyev bu işə bütün enerjisini, təşkilatçılıq bacarığını sərf etdi. Bu müddətdə Naxçıvan şəhərində istifadəyə verilən Diaqnostika və reabilitasiya mərkəzi, 180 çarpayılıq doğum, 80 çarpayılıq isə yoluxucu xəstəliklər mərkəzləri, ana və uşaq reabilitasiya və təcili tibbi yardım mərkəzləri onun bitib-tükənmək bilməyən ideyalarının bəhrəsidir. F.Cəfərquliyev Səhiyyə naziri işlədiyi müddətdə Muxtar Respublikada bir neçə kənd sahə xəstəxanasının, həkim ambulatoriyasının, feldşer-mama məntəqələrinin açılmasına nail oldu. Onun təşəbbüsü ilə Naxçıvanın erməni quldurları ilə üzbəüz gəldikləri günlərdə sərhəd kəndləri, eləcə də rayon mərkəzində yerləşən tibb ocaqları ilə birbaşa əlaqə yaratmaq məqsədi daşıyan stasionar və mobil tipli 236 ədəd “Anqara-1” radiostansiyaları alındı.
F.Cəfərquliyev o ağır illərdə hər bir çətin situasiyadan uğurla çıxmaq bacarığı və səhiyyə sistemində gördüyü işlərə görə  naxçıvanlılara mənəvi dayaq oldu. Nankor qonşularımızın  1992-cı ilin may ayında Şərur rayonuna kimyəvi silah  tətbiq etməsi faktı Səhiyyə Nazirliyinin bilavasitə rəhbərliyi altında ilk dəfə Naxçıvan MR-nin Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən təsdiqini tapmış, bu məlumat dünyanın bir neçə beynəlxalq təşkilatına və kütləvi informasiya vasitələrinə çatdırılmışdı.

     İlqar Həsənov,ATU-nun professoru,

Doktor Cəfərguliyev həyatdan tez getdi. Öz-özlüyündə bu, ağır itkidir və onu tanıyanlar doktorun yoxluğu ilə barışa bilmirlər. Təəssüf edirəm ki, şəxsən mən bu insanla çox gec tanış oldum.
Fərhad həkim bir təşkilatçılıq məktəbi idi. Məni işə dəvət edəndə əvvəlcə razılaşmadım və səbəb göstərdim ki, iş yüküm çoxdur, yoruluram və s. Doktor məni nəinki səbrlə dinlədi və gözlədi, üstəlik, kömək də etdi. Özü də necə?! Fərhad həkim mənə işi düzgün qurmaq yolunu göstərdi. Doktorun tövsiyyələrinə əməl etdim və başa düşdüm ki, məni işə dəvət edən sıraviinsan deyil, təşkilatçı kimi əvəzsiz bir mütəxəssisdir. Fərhad həkimlə tanişlıqdan sonra mən əvvəllər öz işimdə nəyi düzgün etmədiyimi, nə üçün bir sıra hallarda münaqişəli vəziyyətlərə düşməyimin səbəblərini anladım və indi çalışıram ki, həmin səhvləri bir də təkrar etməyim.
Fərhad həkimlə birgə fəaliyyət mənim özümə inamımı və məsuliyyətimi qat-qat artırdı. Bu insanla ünsiyyət mənim üçün bir enerji mənbəyinə çevrilmişdi. Tibb Universitetində gərgin iş günündən sonra “Ömür” klinikasında mikroskopik patologiya analizləri ilə məşğul olmaq asan deyildi. Ancaq klinikaya  gəlib doktorla 5-10 dəqiqəlik ünsiyyət kifayət edirdi ki, gün ərzində yığılmiş gərginliyi, ağrı-acını unudum və ən mürəkkəb müayinələri də uğurla icra edim.
  Fərhad həkim elmi tədqiqatlara, onların nəticələrinin praktikaya tətbiqinə xüsusi diqqət yetirirdi. Öz sahəmdən deyim. 10-12 il ərzində planlaşdırdığım, ancaq müxtəlif səbəblərdən icra edə bilmədiyim metabolik status müayinələri üçün doktor qısa bir müddətdə imkan və şərait yaratdı, analoqu olmayan “Mikroskopik Patologiya” Mərkəzi təşkil etdi. Fəxr edirəm ki, o, etimad göstərərək klinikada hər həftə keçirilən konfranslarda bir neçə elmi məruzəni məhz mənə etibar etmişdi.
  Mən Fərhad həkimlə Avropada səfərdə oldum. Həmin dövrdə onun fantastik iş qabiliyyəti, insanlarla ünsiyyət qurmaq bacarığı, mütərəqqi ideyanı və təklifi ani olaraq qiymətləndirə bilməsi və bundan lazımi nəticə çıxarması məni olduqca heyrətləndirdi. Dortmundda, Sürixdə və Tenerifedə cəmi 4-5 gün ərzində onlarla işgüzar görüş keçirərək, klinika üçün çox vacib məsələləri həll etdi. Doktorun Tenerifedəki elmi məruzəsi isə nəinki mənim üçün, eləcə də bütün iştirakçılar üçün sözün yaxşı mənasında sensasiya oldu. Çıxışının lap əvvəlindən auditoriyani tam ələ alan doktor Cəfərquliyevə o qədər sual verildi ki, bu insan 2 saatdan çox tribunanı tərk edə bilmədi. Hər bir məruzəçinin maksimum 10-15 dəqiqə vaxt aldığı Beynəlxalq elmi forumlar üçün bu, müstəsna bir hal idi.
Elə həmin səfərdə mən Fərhad həkimin bir insan kimi səmimiliyinin, etibarli yol yoldaşlığının şahidi oldum. Son söz : Həyat eşqi, enerjisi bitib tükənməyən F.Cəfərquliyevi həmkarları zarafatla “ideya generatoru” adlandırırdılar. Onun hər iş günü yeni bir ideyanın, yeni bir fikrin meydana çıxması ilə başlayırdı. Çalışırdı ki, tibbi xidmətin və səhiyyənin inkişafına, insanların sağlamlığının qorunmasına yönəlmiş bu ideyaları az bir vaxtda gerçəkləşdirsin. Elə bil hiss edirdi ki, bu illər ərzində sədaqətlə yoldaşlıq etmiş ürəyi qəflətən dayanıb ömrünün 55-ci yayında ona naxələf çıxacaq.
Deyirlər, əvəzolunmaz insan yoxdur, təkrarolunmaz insan var. Fərhad Cəfərqulu oğlu Cəfərquliyev də öz sənəti, insanlarla rəftarı, təşkilatçılıq bacarığı, xarakteri ilə heç kimə bənzəməyən, təkrarolunmaz şəxs idi...
     Allah ona rəhmət eləsin, qəbri nurla dolsun.