Kompüter tomoqrafiya (KT) rentgen şüalarından istifadə olunaraq bədənin istənələn bölgəsinin eninə kəsiklərlə görüntüsünü əldə etməyə yönəlmiş radioloji müayinə metodudur. KT cihazı xəstə masasından, rentgen borusu yerləşdirilmiş gantry adlı sistemdən və kompüterdən ibarətdir. Müayinə əsnasında xəstə masa üzərində hərəkət etmədən uzanır və gantry içərisinə daxil edilir. Rentgen borusundan çıxan rentgen şüaları xəstənin bədənindən keçdikdə müxtəlif toxumalarda müxtəlif dərəcədə udulmaya məruz qaldıqdan sonra alınan məlumatlar kompüter tərəfindən qeydə alınır. KT-nın digər müayinə üsullarından əsas üstünlüyü orqan və toxumaların orqanizmdə dəqiq lokalizasiyasını və patoloji toxumanın normal toxumayla dəqiq münasibətinin göstərə bilməsidir. Əksər hallarda KT xəstəliyə vaxtında və düzgün diaqnoz qoymaqla yanaşı müalicə həkiminə xəstəliklərin differensial diaqnostikasında və düzgün müalicə üsullarının seçilməsində yardım edir.