Qarayev Qalib Şalon oğlu 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Tələbəlik illərində Tələbə Elmi Cəmiyətinin fəal üzvü olmuş, Biokimya, Patoloji fiziologiya, Uşaq cərrahlığı kafedralarında və Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasında fəaliyyət göstərən tələbə elmi dərnəklərində çalışmışdır. Moskva, İvanov, Donetsk, Minsk, Kiyev, Rostov, Riqa şəhərlərində keçirilən elmi konfranslarda məruzə etmiş və tərifnamələr almışdır. 1970-ci ildə “Ən yaxşı tələbə elmi işi” müsabiqəsində Q.Qarayevin apardığı tədqiqat bürünc medala layiq görülmüşdür. Q.Qarayev 1979-cu ildə “Tac damarların elektrotermokoaqulyasiya və ürək əzələsini birbaşa revaskulyarizasiya edən bir sıra metodların müqayisəli qiymətləndirilməsi” mövzusunda namizədlik, 1987-ci ildə SSRİ Tibb Elmləri Akademiyasında “Ürəyin pozulmuş limfa drenajının tənzimlənməsi və onun kəskin miokard infarktı şəraitində ürək əzələsinin birbaşa revaskulyarizsiyasında rolu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Q.Qarayev miokard infarktının daha dərin problemləri, peritonitlər, bağırsaqların autotransplantasiyası sahəsində elmi axtarışlarını davam etdirmişdir. O, kadrların hazırlanmasına böyük qayğı ilə yanaşır. Onun rəhbərliyi ilə 45 elmlər namizədi və elmlər doktoru hazırlanmışdır. Q.Qarayev 22 ixtiranın, 310 elmi məqalənin və 1 dərs vəsaitinin müəlifidir. Onun əsərləri Amerika, Almaniya, İngiltərə, Çexiya və s. ölkələrin alimlərinin diqqətini cəlb etmişdir. Professor Q.Qarayev xüsusi istedada malik alim olmaqla yanaşı, həm də yüksək səriştəli təşkilatçı və ictimaiyyətçidir. O, 1982-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutununun Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının rəhbəri təyin edilmişdir. İndi bu Elmi Tədqiqat Mərkəzində 5 nəfər elmlər doktoru, 25 nəfər elmlər namizədi çalışır. Q.Qarayev 1986-cı ildə müdafiə şurasının üzvü, 1988-91-ci ildə həmin şuranın sədr müavini təyin edilmişdir. 1989-91-ci ildə SSRİ Ali Attestasiya Komitəsinin tibb elmləri üzrə ekspertiza şurasının üzvü olmuş, Moskva, Rostov, Dnepropetrovsk, Volqoqrad, Əndican müdafiə şuralarında opponent kimi iştirak etmişdir. O, müstəqil Azərbaycan Respublikasının yeni yarandığı gündən Ali Attestasiya Komitəsinin tibb bölməsində çalışmışdır. Hazırda müdafiə şurasının sədr müavinidir. 1995-ci ildən “Sağlamlıq” jurnalının baş redaktorudur. Q.Qarayevə 2000-ci ildə Əməkdar elm xadimi adı verilmişdir. Professor Q.Qarayev “Ömür” klinikasının konsultantıdır.